Leandro Andrade və Patrik Andradeyə milli dəvət

Azərbaycan çempionu “Qarabağ”ın yarımmüdafiəçiləri – Patrik Andrade və Leandro Andrade Kabo Verde millisinə çağırılıblar.

Arena.az xəbər verir ki, millinin baş məşqçisi – “Bubista” ləqəbi ilə tanınan Pedro Leytao Brito 32 nəfərlik siyahıya Ağdam klubunun futbolçularını da daxil edib.

Kabo Verde yığması oktyabr ayında iki yoxlama oyunu keçirməyi planlaşdırır. Belə ki, bu koomanda ayın 12-də Əlcəzair, 17-də isə Komor adaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, Leandro Andrade 2022-ci ilin mart ayında debüt etdiyi Kabo Verde yığmasında 4 oyun keçirib. O, 2022-ci ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. 24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində 67 oyun keçirib, 16 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub.

Patrik Andrade isə 2020-ci ilin oktyabr ayından ölkəsinin yığmasında forma geyinir. O, millidə 17 oyuna çıxıb. 30 yaşlı yarımmüdafiəçi Ağdam klubunda da 79 oyun keçirib, 12 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.