Leandro Paredes də Anxel Di Mariyaya qoşuldu

İtaliyanın “Yuventus” klubunun daha bir argentinalı yarımmüdafiəçisi – Leandro Paredes də Turin təmsilçisini tərk edəcək.

Arena.az xəbər verir ki, daha öncə onun həmyerlisi Anxel Di Mariyanın da “Qoca sinyora”dan ayrılacağı barədə xəbərlər yayılmışdı.

Məsələni diqqətdə saxlayan italyan jurnalist-insayder Fabrisio Romanonun iddiasına görə, Paredes müqavilə ilə məxsus olduğu PSJ-yə qayıdacaq. O, “Yuventus”da icarə əsasında çıxış edirdi. Di Mariya isə “Yuventus”u azad agent kimi tərk edəcək.

Leandro Paredes geridə qalmış mövsüm ərzində “Yuventus”un heyətində 35 oyun keçirib. O, bu oyunlarda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Paredesi 12 milyon avro məbləğində qiymətləndirir.

Di Mariya isə son mövsümü 40 oyun, 8 qol və 7 məhsuldar ötürmə göstəricisi ilə tamamlayıb.

“Transfermarkt” internet-portalı Di Mariyanı 10 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl 35 yaşlı Di Mariyanın “Benfika”ya qayıtmağa yaxın olduğu bildirilirdi. Anxel 2007-2010-cu illər aralığında məhz “qartallar”ın şərəfini qoruyub.