İtaliyanın “Yuventus” klubu iki argentinalı yarımmüdafiəçi – Leandro Paredes və Anxel Di Mariya ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu iki futbolçunun Turin klubunu tərk edəcəyi hələ xeyli müddət öncə məlum idi.
Amma klub rəsmi saytı vasitəsilə yalnız indi bu ayrılıqları elan edib və hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Leandro Paredes “Yuventus”a 2022-ci ilin avqustunda Fransa çempionu PSJ-dən icarə əsasında keçmişdi. 28 yaşlı futbolçu Turin təmsilçisində 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müqavilə ilə məxsus olduğu PSJ-yə qayıdan futbolçu Paris təmsilçisində də 117 oyun keçirib, 3 qol və 10 assistlə yadda qalıb. O, daha öncə “Roma”, “Empoli”, “Boka Xuniors” və “Kyevo”da da forma geyinib.
Anxel Di Mariya da 2022-ci ilin iyul ayında Fransanın PSJ klubundan azad agent kimi ayrılaraq “Yuventus”la bir mövsümlük müqavilə bağlamışdı. O, Turin klubunda bütövlükdə 40 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.
Di Mariya əvvəllər PSJ (295 oyun, 93 qol, 119 asist), “Real” (190 oyun, 36 qol, 85 asist), “Benfika” (121 oyun, 15 qol, 28 asist), “Rosario Sentral” (39 oyun, 6 qol) və “Mançester Yunayted”də (32 oyun, 4 qol, 12 asist) də oynayıb. Təcrübəli oyunçu Argentina milli komandasında da 131 oyun keçirib, 29 qola imza atıb, ötən il Qətərdəki dünya çempionatının qalibi olub.
Anxelin karyerasını vaxtilə formasını geyindiyi “Benfika”da davam etdirəcəyi barədə xəbərlər gəzir.