Argentina millisinin və “Roma”nın dayaq yarımmüdafiəçisi Leandro Paredes İtaliya klubundan ayrılaraq ölkəsinə qayıdıb.
Arena.az xəbər verir ki, argentinalı futbolçu bundan sonrakı karyerasını vətənində davam etdirəcək.
Belə ki, 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu Argentina nəhəngi “Boka Xuniors”a keçib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
Parades köhnə-yeni klubu ilə 3 illik (2028-ci ilin 31 dekabrına qədər) müqaviləyə imza atıb. Transferin digər detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, Leandro Paredes 2023-cü ilin avqust ayında Fransa nəhəngi PSJ-dən 2,5 milyon avro müqabilində “Roma”ya keçmişdi. O, geridə qalmış mövsümdə paytaxt klubunun heyətində 33 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Paredes daha öncə 2014-2017-ci illərdə də “Roma”da çıxış edib. Argentinalı futbolçunun paytaxt klubundakı ümumi statistikası 135 oyun, 13 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
İtaliyada “Kyevo”nun da formasını geyinmiş Leandro Paredes 2017-ci ildə “Roma”dan Sankt-Peterburq “Zenit”inə keçib. 2017-2019-cu illərdə “Zenit”də oynamış “dayaqçı” daha sonra PSJ-yə keçib, 2022-ci ilin yayınadək Paris klubunun uğurları üçün çalışıb. O, 2022-ci ilin avqustunda “Yuventus”a icarəyə verilib, bir mövsüm də Turin klubunun formasını geyinib.
“Boka Xuniors”un yetirməsi olan Leandro vaxtilə bu klubun əsas komandasında 31 oyuna çıxıb, 5 qola imza atıb.
Paredes 2017-ci ildə debüt etdiyi Argentina yığmasının heyətində 73 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Leandro ölkəsinin millisi ilə 2022-ci ildə Qətərdə keçirilmiş FIFA Dünya Kubokunu qazanıb. O, iki dəfə də (2021, 2024) Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


