Leandro Paredes “Roma”ya, Abdu Diallo “Əl-Ərəbi”yə satıldı

Futbol üzrə Argentina milli komandasının və PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes yenidən “Roma”ya qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı futbolçu köhnə-yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. “Roma” sabiq futbolçusunu yenidən heyətinə qatmaq üçün Fransa nəhənginə 2,5 milyon avro ödəyib.

Xatırladaq ki, Leandro Paredes 2014-2017-ci illərdə məhz Roma klubunun şərəfini qoruyub. O, bu komandada 54 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. “Canavarlar” Paredesi 2017-ci ilin yayında Rusiyanın “Zenit” klubuna 23 milyon avroya satmışdılar. O, 2019-cu ilin yanvarında da 40 milyon avro qarşılığında PSJ-yə keçmişdi. Paredes Paris klubunda 117 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə edib. Son mövsümdə isə o, “Yuventus”da icarədə oynayıb – 35 oyun, 1 qol, 1 assist.

Paredes bu klublardan başqa “Empoli”, “Boka Xuniors”, “Kyevo” kimi komandaların da uğurları üçün çalışıb. O, Argentina millisində də 54 oyun keçirib, 5 qola imza atıb, bu komanda ilə dünya çempionu olub.

Yeri gəlmişkən, PSJ mərkəz müdafiəçisi Abdu Diallonu da Qətərin “Əl-Ərəbi” klubuna satıb. Fransa çempionu bu satışdan 15 milyon avro qazanıb. 27 yaşlı seneqallı yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Abdu Diallo PSJ-yə 2019-cu ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 32 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 75 oyuna çıxıb, 4 assist müəllifi olub. “Borussiya” (Dortmund), “Sulte Varegem”, “Maynts”, “Monako” və “Leypsiq”də də oynamış müdafiəçi Seneqal yığmasında 23 oyuna çıxıb, 2 qol vurub.