Lena Oberdorf “Bayern”də – Fotolar

“Volfsburq”un və Almaniyanın qadınlardan ibarət yığmasının yarımmüdafiəçisi Lena Oberdorf “Bayern”in düşərgəsinə keçib.

Arena.az məlumat verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb. Oberdorf bu yay “Bayern”də çıxış edəcək. Daha əvvəl bəzi kütləvi informasiya vasitələri Oberdorfun Münhen klubuna keçmək üçün “Çelsi”nin təklifini rədd etdiyini yazmışdı.

“Lena Oberdorf Almaniyanın ən istedadlı futbolçularından biridir və onu böyük gələcək gözləyir. Çox şadıq ki, Lenanı “Bayern”ə keçməyə razı sala bildik. Biz onun yayda bizim üçün oynamağa başlamasını səbirsizliklə gözləyirik”, – “Bayern”in mətbuat xidməti klubun direktoru Byanka Rexdən sitat gətirir.

Lena 2020-ci ildən “Volfsburq”da çıxış edib. Cari mövsümdə xanım futbolçu bütün yarışlarda 12 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Lena 2019-cu ildən ardıcıl olaraq Almaniya yığmasına çağırılır.