“Mançester Yunayted”in fransalı müdafiəçisi Leni Yoro “Lill”dən “qırmızı şeytanlar”ın düşərgəsinə köçdükdən sonra yeni klubu haqda danışıb.
Arena.az 18 yaşlı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mançester Yunayted” dünyanın ən böyük klubudur. Bu komandada oynamaq mənim üçün xəyal idi! Buradakı azarkeşlər inanılmazdır. Ten Haqla danışmışam. Ona, həqiqətən qalib gəlmək istəyən oyunçular gərəkdir. O, mənə meydana çıxmaq imkanı verəndə, bu klub üçün ölməyə hazır olacağam”, deyə Yoro vurğulayıb.
Leni Yoro “Lill”in yetirməsidir. Fransalı müdafiəçi qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib. “Mançester Yunayted” Yoronu “Lill”dən 62 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. “Qırmızı şeytanlar” Yoro ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Leni Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. Gənc müdafiəçi həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.
Vurğulayaq ki, 18 yaşlı gənc mərkəz müdafiəçisi öz mövqeyində ən perspektivli futbolçulardan hesab edilir. Amma o, böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.



