Leon Beyli “Aston Villa“nı Roma”ya dəyişdi

Yamayka millisinin və İngiltərənin “Aston Villa” klubunun cinah hücumçusu Leon Beyli bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yamaykalı futbolçu paytaxt təmsilçisinə icarə əsasında qoşulub. “Roma” sonradan onun transfer hüquqlarını almaq imkanına da malikdir. “Canavarlar” futbolçunun bir mövsümlük icarəsi üçün “Aston Villa”ya 3 milyon avro ödəyəcəklər. Birdəfəlik transfer üçün isə 22 milyon avro ödəmək lazım gələcək.

Xatırladaq ki, Leon Beyli peşəkar karyerasına Belçikanın “Genk” klubunda başlayıb. 2017-ci ildə “Genk”dən “Bayer”ə (16,7 milyon avroya) keçmiş futbolçu, “Aston Villa”ya 2021-ci ildə 32 milyon avro müqabilində qoşulub. Yamaykalı vinger İngiltərə klubunun heyətində 144 oyun keçirib, 22 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Beyli 2019-cu ildə debüt etdiyi Yamayka milli komandasının heyətində 39 oyun keçirib. O, bu görüşlərdə 7 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: