Leroy Mikels “Şamaxı”da – Rəsmi

Səudiyyə Ərəbistanının “Əl-Taraci” klubunun hücumçusu Leroy Mikels bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Almaniyalı futbolçu yeni klubuna azad agent kimi keçib. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Leroy Mikels Mönhenqladbax “Borussiya”sının yetirməsidir. Hücumçu karyerası ərzində “Duysburq”, “Oberhauzen”, “Monheym”, “Türkgücü”, “Spartak” (Varna), “Alemanniya”, “Sankt Pauli” kimi klublarda da forma geyinib.

Onu da qeyd edək ki, Leroy hazırda “Sabah”da forma geyinən hücumçu Coy-Lens Mikelsin qardaşıdır.

“Şamaxı” daha öncə Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya), Vasili Radenoviç (QOŞK, Bosniya və Herseqovina), Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq) və Vasili Bakiç (“Radniçki”, Serbiya) kimi əcnəbiləri də heyətinə qatmışdı. Əyalət klubu yerli oyunçulardan Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”) və Kamal Bayramovu (“Turan Tovuz”) da transfer edib. “Sabah”ın futbolçuları – Fəxri Məmmədli ilə Rauf Rüstəmli də icarəyə götürülüb.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənov da klubla yeni müqaviləyə imza atıb. Sahib Həsənov yeni müqavilə imzaladıqdan sonra “Difau Ağsu”ya icarəyə verilib. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “İmişli”yə icarəyə göndərilib.

Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov, Kənan Quliyev, Cəlal Cəbrayılov və Abbas Ağazadə isə “Şamaxı”nı birdəfəlik tərk ediblər.