“Leroy Sane cəhd etsəydi, Mbappe səviyyəsində oynaya bilərdi”

“Real”ın niderlandlı keçmiş yarımmüdafiəçisi Rafael van der Vart hesab edir ki, “Bayern”in alman vingeri Leroy Sane tam gücü ilə oynamır.

Arena.az Van der Vartın bu barədə fikrini təqdim edir:

“Məncə, o, inanılmaz keyfiyyətlərinin yalnız iyirmicə faizini göstərir. Ümidvaram ki, o, asqırıb ayılacaq, ya da kimsə onu daldan təpikləyəcək ki, ayılsın.

Əgər Sane doğrudan da qaza bassaydı, nə baş verəcəyini təsəvvür etmək çox çətindir. Hazırda onun 28 yaşı var. Düşünürəm ki, o, Kilian Mbappenin səviyyəsinə çoxdan çatmalı idi”, deyə Van der Vart bildirib.

Xatırladaq ki, Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Alman vinger “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib. 2020-ci ilin iyulunda “Bayern” 49 milyon avro müqabilində Saneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb. Sanenin Almaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sane “Bayern”in heyətində bütün yarışlarda 42 oyuna 10 qol, 13 məhsuldar ötürmə ilə fərqlənib. Hazırda zədədən əziyyət çəkən futbolçu cari mövsümdə hələ rəsmi oyun keçirməyib.

Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 65 oyun keçirib, 13 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı alman vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.