“Bayern”in və Almaniya yığmasının sağ vingeri Leroy Sane köhnə zədəsi səbəbindən kiçik invaziv cərrahi əməliyyat edilib.
Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir:
“Almaniya yığması Avropa çempionatından kənarlaşdırıldıqdan sonra Sane bazar ertəsi Münhendə qasıq nahiyəsindən kiçik invaziv cərrahi əməliyyat keçirib. Ötən mövsümün sonunda “Bayern”in futbolçusu ağrılar keçirmişdi. Uğurlu əməliyyatdan sonra 28 yaşlı futbolçu iyulun sonunda Avropa çempionatının digər iştirakçıları ilə birgə məşqlərə qayıtmalıdır”, – “Bayern”in mətbuat xidmətinin müvafiq bəyanatında deyilir.
Xatırladaq ki, iyulun 5-də AÇ-2024-ün 1/4 finalında yarışın ev sahibi Almaniya yığması İspaniya yığmasına əlavə vaxtda 1:2 hesabı ilə (əsas vaxt 1:1) məğlub olaraq, mötəbər yarışla vidalaşıb. Sane Almaniya yığmasının heyətində AÇ-2024-də bütün oyunlarda iştirak edib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Alman vinger “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib. 2020-ci ilin iyulunda “Bayern” 49 milyon avro müqabilində Zaneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb. Sanenin Almaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sane “Bayern”in heyətində bütün yarışlarda 42 oyuna 10 qol, 13 məhsuldar ötürmə ilə fərqlənib.
Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 65 oyun keçirib, 13 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı alman vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


