Leroy Sane və Nenad Belitsa öncə dalaşdılar, sonra danışdılar

Ötən gecə keçirilmiş “Bayern” – “Union Berlin” matçına Leroy Sane ilə Nenad Belitsa arasındakı qalmaqal damğa vurdu.

Arena.az xəbər verir ki, Almaniya Bundesliqasının 13-cü turundan təxirə salınmış bu oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəldilər.

Qarşılaşmanın sonlarında xoşagəlməz hadisə yaşanıb. Belə ki, oyunun 74-cü dəqiqəsində Berlin komandasının oyunçuları topu yan xəttdən çıxarıblar. Bu zaman “Union Berlin”in baş məşqçisi Belitsa topu dayandırıb, əlinə götürüb. “Bayern”in futbolçusu Sane topu qəbul edib oyuna daxil etmək üçün məşqçinin yanına qaçsa da, xorvat mütəxəssis topu kənara atıb. Leroy bu məqamda Belitsanı itələyib və ona nəsə deyib. Alman futbolçu bunun qarşılığında sifətinə iki yüngül şapalaq “yeyib”. Sane dərhal özünə əl qataraq rəqib baş məşqçiylə döyüşə atılıb. Ortaya qara-qışqırıq və mərəkə düşüb, ətrafdakılar “qəhrəmanlar”ı ayırmağa çalışıblar, oyun dayandırlıb. Hakim bu rüsvayçılıq nəticəsində Saneyə sarı, Belitsaya isə qırmızı vərəqə göstərib.

Oyundan sonra Nenad Belitsa baş verən hadisədən danışıb. Xorvat mütəxəssis bunları söyləyib:

“Mən üzr istəyəcəyəmmi? Ancaq öz komandamın qarşısında. Amma Sanenin qarşısında deyil. Yanıma gəlib məni təxribata sövq etməyə çalışdı. Sössüz ki, buna düzgün qarşılıq verməmişəm. Məşqçilər belə qarşılıq verməməlidirlər. Müvafiq məqam haqqında əlavə edəcəyim başqa heç nə yoxdur”, – “Bild” Belitsadan sitat gətirir.

Daha sonra isə Sane fikirlərini bölüşüb: “Əslində mən sadəcə topu tez geri qaytarmaq istəyirdim ki, hücuma başlaya bilim, sonra isə sərsəmlik başladı, o, sifətimdən yapışdı. Mən ona kin tutmuram. Artıq hər şeyi unutmuşam. Başa düşürəm ki, Belitsa bizim cərimə meydançamızda baş verənlərdən azacıq narahat idi. Hər halda, ən vacibi odur ki, üç vacib xal qazandıq”, – “Bayern & Germany” Sanedən sitat gətirir.

Vurğulanır ki, intizam komitəsi bu biabırçılığı araşdırıb müvafiq cəzalar kəsəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: