Hazırda Çempionşipdə çıxış edən “Lester Siti” klubu İngiltərə Premyer Liqasını məhkəməyə verərək, quruma qarşı iş açdırıb.
Arena.az məlumat verir ki, “tülkülər”in bu qərarı İngiltərə Premyer Liqasının “Lester Siti”ni maliyyə qaydalarını pozmaqda ittiham edərək, onlara transfer qadağası qoyması ilə bağlıdır.
Lester təmsilçisi bu barədə klubun rəsmi saytına bəyanat dərc edib:
“Lester Siti” Premyer Liqa və İngilis Futbol Liqası Çempionatı (EFL) əleyhinə iki təcili məhkəmə iddiası qaldırmağa məcbur oldu. Klub bu proseslərin hər birinin müvafiq və tam müstəqil hüquq komissiyası tərəfindən nəzərdən keçirilməsini təmin edəcək”, – rəsmi bəyanada deyilir.
Xatırladaq ki, ötən çərşənbə, martın 20-də Premyer Liqa Lester təmsilçisini klublara 3 il ərzində 105 milyon funt-sterlinqdən (122 milyon avro) çox olmayan məbləğ itirməyə imkan verən, əsas liqa vəsaitlərinin xərclənməsi qaydalarını pozmaqda ittiham etmişdi.
Hazırda lesterlilər Çempionşipin yarış cədvəlində 37 oyundan 82 xalla 2-ci pillədə qərarlaşıblar. Komanda potensial lider statusundadır.