Levandovski: “Fiziki olaraq 10 il əvvəlkindən daha yaxşıyam”

Polşa yığmasının və İspaniya çempionu “Barselona”nın mərkəz hücumçusu Robert Levandovski mövcud hazırlığını dəyərləndirib.

Arena.az təcrübəli futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Fiziki olaraq 10 il əvvəlkindən daha yaxşıyam. 25 və ya 26 yaşımda indi və ya iki il əvvəl olduğum səviyyədə deyildim. Mən çox yaxşı məşq edirəm və özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Özümü yaxşı hiss etsəm, hər şey asanlaşar”, deyə Levandovski vurğulayıb.

Xatırladaq ki, Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha bir il artırılmaq şərti ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 39 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya klubundakı karyerası bütövlükdə 85 oyun, 53 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.