Futbol üzrə Polşa yığmasının hücumçusu Robert Levandovski ölkə rəhbərliyi tərəfindən xüsusi mükafata layiq görülüb.
Arena.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun formasını geyinən 32 yaşlı futbolçu, Polşada prezident nişanı ilə mükafatlandırılıb.
Bu, Polşanın ən prestijli ordenlərindən biri hesab olunur və böyük şücaət nümayiş etdirmiiş əskərlərə, ölkəsini xaricdə uğurla təmsil edən insanlara verilir.
Mükafatı futbolçuya ölkə prezidenti Andrey Duda şəxsən təqdim edib. Polşa lideri təcrübəli hücumçunu tərifləməyi də unutmayıb:
“Hər kəs Levandovski, Kristiano Ronaldo kimi futbol oynaya bilməz. Sən dünyanın ən yaxşısısan”.
Levandovski isə bu mükafatın onun üçün xüsusi önəmi olduğunu vurğulayıb: “Son illərdə neçə kubok, mükafat qazansam da, tənha qaldığım zamanlarda həmişə bu nişanı düşünəcəyəm. Bunun dadını çıxarmağa çalışacağam. İndiyə qədər qazandığım uğurlarla kifayətlənməyi düşünmürəm. Hədəflərim çox yüksəkdir”.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu qazanıb. O, Münhen təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının da qalibi olub. Polşa millisinin lideri FİFA və UEFA tərəfindən 2020-ci ilin ən yaxşı futbolçusu elan edilib.
Levandovski indiyə qədər formasını geyindiyi klublarda 518 matça çıxıb, 392 qol vurub. O, Polşa yığmasında keçirdiyi 88 oyunda 55 qola imza atıb.
“Bavariya”nın hücumçusu bu mövsüm də məhsuldar çıxışı ilə diqqət mərkəzindədir. O, cari mövsümdə bütün turnirlər çərçivəsində meydana çıxdığı 36 qarşılaşmada rəqib qapılarından 42 top keçirib.

