Levandovski: “Sosial şəbəkələr gənclərin inkişafına mane olur”

“Barselona”nın polyak veteran mərkəz hücumçusu Robert Levandovski hesab edir ki, hazırda gənc futbolçulara xarici təzyiq yüksəkdir.

Arena.az “New York Times” nəşrinə istinadən məlumat verir ki, polyak futbolçu müvafiq qənaətə gerçəkliyi öz gənclik dövrü ilə müqayisə edərək gəlib:

“Özünüz də bilirsiniz ki, gənc futbolçular cavan yaşlarında onsuz da çox zədə alıblar. Bu futbolçulardan 10 il ərzində yüksək səviyyədə çıxış gözləmək olmaz. Bu, psixoloji amillə, sosial şəbəkələrlə bağlıdır. Çox çətin bir vəziyyətdir”, deyə Levandovski vurğulayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 4 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Levandovskinin “baluqrana” üçün çıxışı ümumilikdə 99 oyun, 63 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 154 oyun keçirib, 84 qol vurub, 34 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak veteran mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.