“Barselona”nın futbolçuları Robert Levandovski və Lamin Yamal La Liqanın 32-ci turunda “Real”a qarşı keçirəcəkləri oyundan danışıblar.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin 16 yaşlı vingeri Lamin Yamal “el klasiko”nun mümkün nəticəsi bunları dilə gətirib:
“El klasiko” üçün təxminim? Əminəm ki, 3:1 hesabı ilə qalib gələcəyik və mən qol vuracağam”, deyə gənc istedad qətiyyətlə bildirib.
“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski isə bunları söyləyib:
“El klasiko” həmişə xüsusi hadisədir və təkcə bizim üçün deyil, bütün futbol dünyası üçün belədir. Ümidvaram ki, canlı hücum futbolu ilə azarkeşlərimizi sevindirəcəyik. Biz qələbə üçün oynamağa hazırıq”, deyə polşalı futbolçu vurğulayıb.
Xatırladaq ki, “el klasiko” bu gün – aprelin 21-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
31 oyundan 78 xalla “Real” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla 2-ci pillədə qərarlaşıb.
Robert Levandovski 2022-ci ilin iyul ayından formasını geyindiyi “Barselona”da bütövlükdə 88 oyun keçirib. 35 yaşlı forvard bu görüşlərdə 53 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Onun Kataloniya klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.
Lamin Yamal isə “Barselona”nın öz yetirməsidir. İspan futbolçu bu klubun əsas komandasının heyətində bütövlükdə 44 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. 16 yaşlı futbolçunun da Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyununa kimidir.