“Palmeyras”ın prezidenti Leyla Pereyra “Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymarı transfer edə biləcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Pereyranın bu barədə cavabını təqdim edir:
“Neymar “Palmeyras”a keçməyəcək, bu klub tibb bölməsi deyil. Mənə təcili qoşulacaq və məşqçi istəsə, sabah oynaya biləcək biri gərəkdir. Futbol oynamağa hazır olmayan futbolçunu transfer etmərəm”, deyə “dişi aslan” kimi tanınan xanım Leyla Pereyra vurğulayıb.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıtmışdı. Buna rəğmən “Ney” növbəti oyununda yenidən zədə alaraq, iki həftə müddətinə sıradan çıxıb.
Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.
Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

