“Leypsiq” “Barselona”nın Daniel Olmoya görə təklifindən narazıdır

“Leypsiq”in baş məşqçisi Marko Roze “öküzlər”in 26 yaşlı ispan hücumameylli yarımmüdafiəçisi Daniel Olmo haqda danışıb.

Arena.az jurnalist Florian Plettenberqin “Sky Sport Germany” dərgisinə istinadı əsasında məlumat verir ki, alman mütəxəssis Daniel Olmonun “Barselona”ya mümkün keçidi ilə bağlı danışıqlara dair fikrini bildirib.

Daha əvvəl mətbuatda, “Leypsiq”in, “Barselona”nın müqavilə təklifinin ucuzluğunu əsas gətirərək, bu təklifi rədd etdiyi barədə məlumat yayılmışdı.

“Oyunçunun bizimlə qazandığı dəyər var. O, gözəl inkişaf edib. Hamı “Dani” Olmonun nəyə qadir olduğunu bilir. Hər kəs futbolçunun dəyərini bilməlidir. Bu baxımdan onu həqiqətən satın almaq istəyən klub “Dani” Olmonun səviyyəsinə müvafiq qiymət təklif etməlidir”, deyə Roze vurğulayıb.

Daniel Olmo futbola “Espanyol”da qədəm qoyub, buradan “Barselona”nın futbol akademiyasına yol tapıb. “Blauqara”nın akademiyasından Olmo Zaqreb “Dinamo”suna keçib. Burada püxtələşmiş ispan futbolçunu “Leypsiq” 2020-ci ilin yanvarında 29 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb. İspan yarımmüdafiəçinin alman klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Daniel Olmo “Leypsiq”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Olmonun “öküzlər”in heyətində çxışının ümumi mənzərəsi isə belədir: 148 oyun, 29 qol, 34 məhsuldar ötürmə.

Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 39 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Milli yığma komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.