Almaniyanın “Leypsiq” komandasına yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Marko Roze çalışdıracaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı alman mütəxəssislə müqavilə 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub.
Marko Roze “Leypsiq”də ötən gün istefaya göndərilmiş Domeniko Tedeskonu əvəzləyib. Hansı ki, italiyalı mütəxəssis 2021-ci ilin dekabrından komandaya rəhbərlik edirdi. İstefaya komandanın bu mövsüm uğursuz çıxışı səbəb olub.
“Leypsiq” Bundesliqada 5 oyundan sonra 5 xalla 11-ci pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Donetsk “Şaxtyor”una (Ukrayna) öz meydanında böyük hesabla uduzub – 1:4. Məhz bu məğlubiyyətdən sonra Tedesko baş məşqçi postundan qovulub.
Marko Roze son olaraq Dortmund “Borussiya”sına rəhbərlik edib. O, 2021-ci ilin iyulundan 2022-ci ilin mayına kimi bu komandaya rəhbərlik edib. O, əvvəllər Mönhenqladbax “Borussiya”sında, “Zalsburq”da və Leypsiq “Lokomotiv”ində də çalışıb.