Li Kan İn rəsmən PSJ-də – “Malyorka” 22 milyon avro qazandı!

Futbol üzrə Cənubi Koreya yığmasının mərkəz yarımmüdafiəçisi Li Kan İn İspaniyanın “Malyorka” klubundan PSJ-yə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Fransa çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalandığı açıqlanıb. Paris təmsilçisi onun transferi üçün “Malyorka”ya 22 milyon avro ödəyib. Koreyalı pleymeyker yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Li Kan İn 2021-ci ilin avqustundan “Malyorka”da forma geyinirdi. O, bu komandada 73 oyuna 7 qol və 10 assistlə yadda qalıb. Yarımmüdafiəçi daha öncə İspaniyada “Valensiya”nın da uğurları üçün çalışıb – 62 oyun, 3 qol, 4 assist. Li Cənubi Koreya yığmasında keçirdiyi 14 oyunda isə cəmi 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşə bilib.

Xatırladaq ki, PSJ Li Kan İndən öncə “Sportinq”dən 60 milyon avroya Manuel Uqarteni transfer etmiş, həmçinin azad agent kimi Milan Şkrinyar və Marko Asensio ilə müqavilə bağlamışdı.

“Malyorka”da daha 3 ayrılıq, 2 yeni transfer, 2 yeni müqavilə

Yeri gəlmişkən, “Malyorka” Matiya Nastasiç, Anxel Rodriqes və İnyiqo Ruis de Qalaretta ilə də yollarını ayırıb. Serbiyadan olan Nastasiçin müqaviləsinin müddəti bitib. Müdafiəçi ötən ildən formasını geyindiyi bu komandada cəmi 17 matça çıxıb, 1 qol vurub. Hazırda azad agent kimi təklifləri dəyərləndirən 30 yaşlı futbolçu əvvəllər “Şalke”, “Mançester Siti”, “Fiorentina” və “Teleoptik” kimi klublarda çıxış edib.

Anxel Rodriqes də “Malyorka”dan azad agent kimi ayrılıb və artıq “Tenerife” ilə müqavilə bağlayıb. 36 yaşlı ispan hücumçu 2021-ci ildən oynadığı bu komandada 54 oyun keçirib, 11 qol və 6 assistlə yadda qalıb. Təcrübəli hücumçu əvvəllər “Xetafe”, “Tenerife”, “Elçe”, “Saraqosa”, “Levante”, “Osasuna” və “Eybar”da da oynayıb.

İnyiqo Ruis de Qalaretta da azad agent kimi “Atletik”ə üz tutub. 29 yaşlı ispan yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2020-ci ildən formasını geyindiyi “Malyorka”da 88 oyun keçirib, 7 assistlə yadda qalıb. Futbolçu daha öncə “Las Palmas”, “Saraqosa”, “Numansiya”, “Leqanes”, “Mirandes”də, həmçinin yenicə müqavilə bağladığı “Atletik”də də oynayıb.

“Malyorka” gedənlərin əvəzində “Elçe”dən dayaq yarımmüdafiəçisi Omar Maskareli transfer edib. Klub bunun üçün qarşı tərəfə 800 min avro ödəyib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Peşəkar karyerasına Madrid “Real”ında başlamış Maskarel “Derbi Kaunti”, “Sportinq” (Xixon), “Ayntraxt”, “Şalke” və “Elçe”də forma geyinib.

Bu yay “Valensiya”dan azad agent kimi ayrılmış sol cinah müdafiəçisi Toni Lato da “Malyorka”ya keçib. 25 yaşlı ispanla 4 illik müqavilə imzalanıb. “Valensiya”nın yetirməsi olan Lato, PSV və “Osasuna”da icarədə də olub. O, “Valensiya”nın əsas komandasında 104 oyun keçirib, 3 qol və 8 assist müəllifi olub.

“Malyorka” 35 yaşlı sol cinah müdafiəçisi Xaume Kosta və 23 yaşlı mərkəz müdafiəçisi Xosep Qaya ilə də yeni müqavilə bağlayıb. Xauma 1, Xosep 3 illik yeni sözləşmə imzalayıb. Qaya yetirməsi olduğu bu klubun əsas komandasında 7 oyun keçirib, 2 qol da vurub. Kosta isə 2021-ci ildə qoşulduğu “Malyorka”da 61 oyun keçirib, 6 assistlə yadda qalıb. O, daha öncə “Vilyarreal”, “Valensiya” və “Kadis”də də oynayıb.