Futbol üzrə Cənubi Koreya çempionatında (K Liqa 1) 2023 mövsümünün 7-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası – “Daejeon Hana Sitizen” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda lider “Ulsan Hyundai” komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1. Halbuki, “Ulsan Hyundai” buna qədər keçirdiyi 6 oyunun hamısından qalib ayrılmışdı. Bir sözlə, naməğlub liderə ilk məğlubiyyət acısını məhz futbolçumuzun komandası daddırıb.
Anton bu görüşün iştirakçısı olmayıb. Buna millimizin üzvünün ötən tur birbaşa qırmızı vərəqə ilə meydandan qovulması nəticəsində cəzalı duruma düşməsi səbəb olub.
“Daejeon Hana Sitizen” bu qələbədən sonra 14 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.


