İngiltərənin “Lids” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Tayler Adams, Luis Sinisterra və Joel Roblesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tayler Adams Almaniyanın “Leypsiq” klubundan 17 milyon avroya alınıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, 2019-cu ildən Bundesliqa təmsilçisində çıxış edirdi. Yarımmüdafiəçi bu komandada keçirdiyi 4 mövsüm ərzində 103 oyuna 2 qol vurub. Daha öncə “Nyu York Red Bullz”da çıxış etmiş futbolçu, ABŞ yığmasının da üzvüdür. O, millidə 30 oyuna 1 qol vurub.

Luis Sinisterra Niderlandın “Feyenoord” klubundan 25 milyon avro qarşılığında transfer olunub. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Kolumbiyalı vinger 2018-ci ildən formasını geyindiyi Niderland təmsilçisində 113 oyuna 35 qol vurub. Daha öncə “Onse Kaldas”da forma geyinmiş futbolçu, ölkəsinin yığmasında da 5 oyun keçirib.

Sonuncu iş yeri “Betis” olmuş Joel Robles isə “Lids”ə azad agent kimi gəlib. 32 yaşlı qapıçı Premyer Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. İspaniyadan olan qolkiper La Liqa təmsilçisində keçirdiyi 4 mövsüm ərzində 78 oyuna çıxıb. Madrid Atletikosunun yetirməsi İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib. Təcrübəli qolkiper “Atletiko” ilə yanaşı, “Rayo Valyekano, “Uiqan” və “Everton”da da çıxış edib.

“Lids” “Mançester Siti”nin U-21 komandasında forma geyinən yarımmüdafəçi Darko Qyabini da transfer edib. Sözügedən klub bu keçidə görə “şəhərlilər”ə 5.8 milyon avro ödəyib. 18 yaşlı futbolçunun İngiltərə və Qana vətəndaşlığı var. Onun yeni mövsümdən etibarən “Lids”in əsas komandasında çıxış etməsi gözlənilir.

3 yeni müqavilə, 6 icarə, 2 ayrılıq
“Lids” yarımmüdafiəçisi Sem Qrinvud, vinger Krisensio Sammervill və hücumçu Co Gelhardtla da yeni müqavilə bağlayıb. Hər üçü 20 yaşda olan bu oyunçulardan Qrinvud və Sammervill 4, Gelhardt isə 5 illik sözləşməyə imza atıb.
Ceymi Şeklton (22 yaş, ingilis yarımmüdafiəçi) və Çarli Kressuel (20 yaş, ingilis müdafiəçi) “Milluol”a, Stüart Makkinstri (19 yaş, şotlandiyalı vinger) “Motervell”ə, Lyuis Beyt “Oksford Yunayted”ə, Tayler Roberts (23 yaş, ingilis forvard) isə KPR-ə icarəyə verilib. Onların hamısı 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcək.
Helder Kosta, Elia Kaprile və Liam Makkarron da “Lids”i tərk edib. 21 yaşlı şotlandiyalı vinger Liam Makkarron “Stok Siti”yə keçib. O, 2019-cu ildən İngiltərə klubunda çıxış edirdi. İtaliyadan olan Elia Kaprile “Bari”yə transfer olunub. 20 yaşlı qapıçı 2020-ci ildən İngiltərə klubunda çıxış edirdi. Helder Kosta isə satınalma şərti ilə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna icarəyə verilib. Anqoladan olan 28 yaşlı vinger 2019-cu ildən “Lids”də çıxış edirdi. O, ötən mövsümü də İspaniya “Valensiya”sında icarədə keçirib. “Benfika”nın yetirməsi olan futbolçu “Deportivo”, “Monako”, “Vulverhempton” kimi klubların da formasını geyinib.