İngiltərənin “Lids” və “Börnli” komandaları 2025/2026-cı illər mövsümündən Premyer Liqada mübarizə aparmaq hüququ əldə ediblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar buna Çempionşipdə 2024/2025-ci illər mövsümünün bitməsinə 2 tur qalmış nail olublar.
“Lids” 44-cü turda “Stok Siti”ni 6:0 hesabı ilə darmadağın edib. “Börnli” isə “Şeffild Yunayted”ə 2:1 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlində “Lids” 94 xalla 1-ci, “Börnli” isə eyni xalla 2-ci pillədə qərarlaşıb. 3-cü yerdəki “Şeffild Yunayted”in isə 86 xalı var. “Şeffild Yunayted”in ilk iki pillədəki komandalara çatmayacağı dəqiqləşib. Bu isə sözügedən komandaların 2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacağı anlamına gəlir.
Xatırladaq ki, “Börnli” 2023/2024-cü illər mövsümünün sonunda Premyer Liqadan Çempionşipə düşmüşdü. “Lids” isə 2022/2023-cü illər mövsümünün sonunda Premyer Liqanı tərk etmişdi.
Premyer Liqaya vəsiqə qazanacaq 3-cü klubun adı 3-6-cı yerləri tutan komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra aydınlıq gələcək.
Bu mövsüm İngiltərə Premyer Liqasında zəif çıxış edən “Sauthempton” və “Lester Siti” kollektivlərinin aşağı Liqaya düşəcəkləri dəqiqləşib.