Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1-in son qalibi İspaniyanın “Atletiko” (Madrid) klubunun qapıçısı İvo Qrbiçi heyətinə qatıb.
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı xorvat qapıçı 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək.
İvo Qrbiç “Atletiko”ya ötən yay Xorvatiyanın “Lokomotiva” (Zaqreb) klubundan transfer edilmişdi. O, daha öncə ölkəsində Split “Hayduk”unun da uğurları üçün çalışıb. Qrbiç “Atletiko”da cəmi 1 rəsmi matça çıxıb.


