“Lill” Ben Arfanı gətirdi, Yusuf Yazıcını göndərdi

Fransa çempionu “Lill” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi fransalı yarımmüdafiəçi Hatem Ben Arfanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən mövsümün çempionu yeni futbolçusu ilə 6 aylıq müqavilə bağlayıb. “Bordo” ilə müqaviləsinə xitam verən 34 yaşlı oyunçu üçün heç bir transfer haqqı ödənilməyəcək. Fransa millisinin sabiq üzvü “Lill”də 11 nömrəli formanı geyinəcək.

Hatem Ben Arfa 2020-ci ilin oktyabrından “Bordo”nun uğurları üçün çalışırdı. Lion “Olimpik”inin yetirməsi olan vinger, daha sonra Marsel “Olimpik”ində çıxış edib. O, Fransada PSJ, “Nitsa” və “Renn” komandalarının da formasını geyinib. İngiltərədə “Nyukasl” və “Hall Siti”də oynamış futbolçu, İspaniyada da “Valyadolid”in sıralarında çıxış edib. Fransa yığmasında 15 oyun keçirmiş Hatem, 2 qol vurub.

“Lill” öz futbolçusu Yusuf Yazıcını da Rusiyanın ÇSKA (Moskva) klubuna icarəyə verib. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb. Türkiyə millisinin də üzvü olan Yusuf mövsümün sonuna qədər ÇSKA-da çıxış edəcək. Moskva klubu yayda 12 milyon avro ödəməklə, 24 yaşlı futbolçunun transfer hüquqlarına sahib ola bilər.

ÇSKA Yusufun transferi ilə bağlı qalmaqallı paylaşımı ilə də diqqət mərkəzinə düşüb. Moskva təmsilçisinin “Twitter” səhifəsində paylaşılan videoda 25 yaşlı yarımmüdafiəçi ilə “İnstaqram”da yazışma səhnəsi əks olunub. Videoda Yazıcının əvvəlcə klubun çoxsaylı mesajlarına cavab vermədiyi, yalnız “Yusuf, bura Rusiyadır, bizdə nataşalar çoxdur” ismarıcından sonra “Yoldayam, 5 dəqiqəyə çatıram” yazdığı göstərilib.

Reaksiyalardan sonra videonu silən ÇSKA daha sonra üzrxahlıq mesajı yayımlayıb. Klub televiziyasının redaktoru Katerina Kirilçeva bildirib ki, qısa müddətdə senari yazmalı olduğu üçün ağlına bu cür ideya gəlib: “Bu yersiz, uğursuz və bir qədər də təhqiredici videoya görə həm ictimaiyyətdən, həm də Yusufun özündən üzr istəyirəm”.

Baş verənlərdən sonra ÇSKA bu qalmaqala səbəb olan əməkdaşlarının işdən çıxarıldığını bəyan edib.