UEFA Çempionlar Liqasının 1-ci raundunda “Qarabağ”ın rəqibi olan Cəbəllütarriq çempionu “Linkoln” heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, sözügedən klub nigeriyalı dayaq yarımmüdafiəçisi Samson Bolaji Ajayini transfer edib.
Bu barədə Cəbəllüttariq klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçinin sonuncu iş yeri Slovakiyanın “Kalna nad Hronom” klubu olub. O, bu klubdan azad agent kimi ayrıldığı üçün Cəbəllüttariq çempionu transferə görə əlavə xərcə düşməyib.
Samson Bolaji Ajayi daha öncə Cəbəllüttariqin “Qleysis Yunayted” və Nigeriyanın “Real Sapphire” klublarında da forma geyinib.
Xatırladaq ki, “Qarabağ”la “Linkoln” arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu iyulun 11-də Cəbəllüttariqdə baş tutacaq. Cavab görüşü isə bu ayın 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.