Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan Lion “Olimpik”i heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub Niderlandın “Herenven” komandasından hücumçu Amin Sarrı transfer edib.
21 yaşlı futbolçunun transferi üçün “Herenven”ə 11 milyon avro ödənilib. Tərəflər arasındakı müqavilənin müddəti isə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Amin Sarr 2022-ci ilin yanvarından oynadığı “Herenven”də 35 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Niderland klubu onu İsveç “Malmö”sündən 2.3 milyon avroya transfer etmişdi. Sarr daha öncə “Herenven” və “Malmö”dən başqa “Husie”, “Myallbu” kimi klubların da formasını geyinib. İsveçli hücumçu bu ölkənin U-19 və U-21 yığmalarında da forma geyinib.
Lion “Olimpik”i yarımmüdafiəçisi Jeff Ren-Adelaidi də “Trua” klubuna icarəyə verib. Fransadan olan 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi Liqa 1-in digər təmsilçisinin uğurları üçün çalışacaq.
Jeff Ren-Adelaid “Lans”ın yetirməsidir. O, 2016-cı ildə bu klubdan London “Arsenal”ına transfer olunsa da, İngiltərə təmsilçisində forma geyinməyib. Bu üzdən də “Anje”yə icarəyə verilib. 2018-ci ildə “Anje” 1.6 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Lionlular isə 2019-cu ilin avqust ayında yarımmüdafiəçini 25 milyon avro qarşılığında heyətlərinə cəlb ediblər. Ren-Adelaid bu komandada meydana çıxdığı 48 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.


