Lion “Olimpik”i baş məşqçisi Peter Bos ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Niderlanddan olan mütəxəssisin istefasına komandanın son turlardakı uğursuz çıxışı səbəb olub. Əslində, onun komandası mövsümün ilk 5 turunda 13 xal toplamaqla yaxşı starta imza atmışdı. Lakin ondan sonrakı 5 turda Liqa 1 təmsilçisi cəmi 1 xal qazana bilib.
Peter Bos 2021-ci ilin may ayından “Olimpik”ə rəhbərlik edirdi. 58 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 59 matça çıxarıb. Lion təmsilçisi bu görüşlərdə 27 qələbə qazanıb, 17 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb.
Lion “Olimpik”i yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən komandanı bundan sonra Loran Blan çalışdıracaq. Fransadan olan 56 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayında bitəcək müqavilə imzalanıb.
Loran Blan son olaraq Qətərin “Əl-Rayyan” klubunda baş məşqçi kimi çalışıb. 56 yaşlı mütəxəssis əvvəllər “Bordo” və PSJ-də, həmçinin Fransa yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.