Artıq “İnter Mayami” ilə anlaşan Argentina millisinin hücumçusu Lionel Messi keçmiş klubu “Barselona”ya qayıtmayacaq.
Arena.az xəbər verir ki, Fransa çempionu PSJ ilə müqaviləsinin müddəti bitdiyi üçün bu klubdan ayrılan 35 yaşlı futbolçunun Kataloniya təmsilçisinə qayıdacağı gözlənilirdi.
Amma o, fərqli qərar qəbul etdi və MLS-də oynamağı üstün tutdu. Halbuki, Messiyə Səudiyyə Ərəbistanı klublarından da kifayət qədər ciddi və sərfəli təkliflər var idi. Messi son günlərdə baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb. O, xüsusilə “Barselona”ya qayıdışının baş tutmamasına belə münasibət bildirib:
“Həqiqət budur ki, mən doğrudan da “Barselona”ya geri qayıtmaq istəyirdim. Amma komandadan necə ayrıldığımı, nələrdən keçməli olduğumu nəzərə alsaq, bir daha bununla üzləşmək istəmədim: bundan sonra nə olacağını gözləmək, gələcəyimi başqasının əlinə buraxmaq… Ehtiyaclarımı, ailəmin ehtiyaclarını nəzərə alıb, sərbəst surətdə qərar vermək istəyirdim.
Eşitmişdim ki, La Liqa bütün gərəkli qərarları qəbul edib, mənim dönüşüm üçün hər şey hazırdır, ancaq daha çox şey baş verməli imiş. Eşitdim ki, “Barselona” oyunçularını ya satmalı və ya onların məvacibini kəsməlidir, düzünü desəm, bu vəziyyətə düşmək istəmədim.
“Barselona”da olduğum müddətdə məni gerçəklə heç bir əlaqəsi olmayan bir çox şeylərdə ittiham edirdilər. Mən bundan bir qədər yorulmuşdum və bir daha müvafiq məqamlarla qarşılaşmaq istəmirdim.
Mən gedəndə La Liqa da məni qeydiyyatdan keçirməyə razılaşdı. Amma yekunda bu, icra edilmədi. Hər şeyin yenidən baş verəcəyindən qorxdum. O zaman uzun müddət ailəmlə, məktəbə getməli olan uşaqlarımla Paris otelində yaşamalı oldum.
“Söhbət puldan getsəydi, Ərəbistana yollanardım”
Qərarı özüm vermək istəyirdim və bu səbəbdən “Barselona”ya dönüş baş tutmadı. Mən də çox istərdim, amma mümkün deyildi.
Həmçinin indi mən müəyyən qədər diqqət mərkəzindən çıxmaq, ailəm haqqında daha çox düşünmək istəyindəyəm. Ailəmizin son iki ili o qədər pis keçdi ki, mən bundan şad deyiləm. 2022-ci il Dünya Kubokunu qazandığım zaman heyrətamiz bir ay yaşadım, amma qalan halda çətin bir dövr idi. Mən yenə öz həyatımdan zövq almaq, ailəmlə, uşaqlarımla vaxt keçirmək istəyirəm. Buna görə də “Barselona”ya keçməmək qərarına gəldim”.
Lionel Messi “İnter Mayami”yə pul-para üçün keçmədiyini açıqlayıb. O, “Qərarınızda iqtisadi məqam nə dərəcədə vacib idi? “Barselona”da hətta pulsuz oynaya biləcəyin haqda fikrilər səslənirdi. Bu, doğrudur?” sualını belə cavablandırıb:
“Əslində, iqtisadi məsələlər mənim üçün heç vaxt problem və ya maneə olmayıb. Biz (“Barselona” ilə) indi müqaviləni belə, müzakirə etməmişik. Heç bir rəsmi, yazılı, imzalı təklif olmayıb, hələ heç nə yox idi və biz bunun baş tutub-tutmayacağını da bilmirdik. Belə bir niyyət var idi, amma irəliləyiş olmadı, hətta formal olaraq da puldan danışmamışdıq.
Söhbət puldan getsəydi, mən Ərəbistana və ya başqa yerə yollanardım. “Əl-Nəsr”lə müqavilə məbləği mənə çox böyük pullar kimi göründü və həqiqət budur ki, mənim qərarım pula görə deyil, başqa səbəblərə görə verilib”.