Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib. Arena.az xəbər verir ki, 35 yaşlı hücumçu buna ÇL-in qrup mərhələsinin 3-cü turu çərçivəsində Portuqaliyada “Benfika”ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.
22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. Onun bu siyahıdakı ən yaxın izləyicisi Kristiano Ronaldodur. Hazırda “Mançester Yunayted”də (İngiltərə) çıxış edən portuqaliyalı futbolçu ÇL-də 38 komandaya qol vurub.
Yeri gəlmişkən, Lionel Messi Çempionlar Liqasında vurduğu qolların ümumi sayını da 127-yə çatdırıb. Hansı ki, bu siyahıya 140 qolla Kristiano Ronaldo başçılıq edir.
Xatırladaq ki, “Benfika” – PSJ matçı 1:1 hesabıyla başa çatıb.