Lionel Messi DÇ-2026-da mümkün iştirakı ilə bağlı sualı cavabladı

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün iştirakla bağlı sualı cavablayıb.

Arena.az argentinalı ulduzun bu barədə fikrini təqdim edir:

“2026-cı ilin dünya çempionatı? Mən bilmirəm. Bu sualı mənə dəfələrlə veriblər, xüsusən də Argentinada, amma mən bu ili uğurla başa vurmaq istərdim. Ümidvaram ki, yeni mövsümdə keçən dəfə edə bilmədiyim yaxşı mövsümöncəsi məşq edə biləcəyəm. Sonra işlərin necə gedəcəyini də görəcəyik”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı həmin il Kanada, Meksika və ABŞ birlikdə təşkilatçılığı ilə iyun ayının 11-dən iyul ayının 19-a qədər müddəti əhatə edəcək.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində 23 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 37 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.