Lionel Messi: “DÇ-dən sonra hər şeyə nail olduğumu hiss etdim”

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının qalibi olması haqda söhbət açıb.

Arena.az “Infobae” dərgisinə istinadən, argentinalı ulduzun bu barədə fikirlərini təqdim edir:

“Mən dünya çempionu olduğumu dərk edirəmmi? İndi, bəli. Düzünü desəm, bəli. Sanki hər şey dəyişib, amma eyni zamanda heç nə dəyişməyib. Çünki bəli, məqsədə çatdıq, açıq-aydın ən çox istədiyimiz bu idi – mənim, ailəmin və hamımızın. Amma həyat davam edir. Əvvəlcə PSJ-də oynamağa davam etdim, indi burada Mayamidə yaşamaq və nəyəsə nail olmaq, nə isə qazanmaq üçün cəhd etmək növbəmdir.

İndi komandanın qarşısında başqa bir vəzifə durur – Amerika Kubokunu qazanmağa çalışmaq. Amma eyni zamanda, dünya çempionu olmaqla, sən… Yəni, yerinə yetdiyimi, hər şeyə nail olduğumu, qarşıma qoyduğum məqsədlərə, arzularıma çata bildiyimi hiss etdim və deyə bilərəm ki, bu, çox çətin idi”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 181 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.