Lionel Messi icarəyə gedib-getməyəcəyi ilə bağlı sualı cavabladı

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi amerikan klubunu icarə əsasında tərk edib-etməyəcəyi haqda sualı cavablayıb.

Arena.az ESPN-ə istinadən Messinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

Xatırladaq ki, “İnter Mayami” MLS-in pley-off mərhələsinə vəsiqə qazanmayıb. Messinin bu səbəbdən qış transfer pəncərəsində amerikan klubunu icarə əsasında tərk edəcəyi haqda söz-söhbət baş qaldırıb.

“Xeyr, mən icarəyə getmək fikrində deyiləm. Məşq edəcəyəm, “Şarlott” ilə qarşıdakı matçıda oynayacağam və yığmanın noyabrda keçiriləcək oyunlarına ən yaxşı formada yanaşmağa çalışacağam. Bundan sonra Argentinadakı istirahətimdən həzz alacağam. Dekabrda ilk dəfədir ki, bayramlarla, könül rahatlığı ilə, xalqımla istirahət günlərim daha çox olacaq. Mövsümöncəsi hazırlıq üçün yanvarda yenidən qayıdacağam. Sıfırdan başlayacağam və həmişə olduğu kimi, mövsümə mümkün qədər yaxşı hazırlaşacağam”, deyə Messi bildirib.

Xatırladaq ki, daha əvvəl Messinin Səudiyyə Ərəbistanı çempionatından bir kluba keçə biləcəyi barədə xəbərlər yayılmışdı.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 13 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Messi yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.