Lionel Messi “İnter Mayami” ilə bağlı əsas hədəfini açıqladı

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi çıxış etdiyi amerikan klubunun iddialarından söhbət açıb.

Arena.az təcrübəli futbolçunun bu barədə fikrini təqdiim edir:

“Kuboklar qazanmaq klubun inkişafı üçün həyati əhəmiyyət kəsb edir, xüsusən də çempion komandamızın necə təsis edildiyini nəzərə alsaq.

MLS Kubokunu qazanmaq və klubumuzun ətrafında cərəyan edən şövqü qoruyub-saxlamaq əla olardı. Biz onun inkişafına kömək etməyə davam etmək istəyirik. Biz klubu MLS-də və mümkünsə, dünyanın ən böyük klublarından birinə çevirmək istəyirik”, deyə “Leo” vurğulayıb.

Argentinalı ulduz həmçinin öz nümunəsində, qazandığı qənimətlərin “İnter Mayami”nin simasına təsiri haqda söhbət açıb:

“Mən bura gələndə yaxşı başa düşürdüm ki, klub böyük olmaq üçün qənimətlər qazanmalı və yarışmalıdır. Həm də mən “İnter Mayami”yə gələndə, komanda MLS-də pis vəziyyətdə idi. Amma mən gələndən az sonra Liqa Kubokunu qazandıq. Bu, klub üçün ilk qənimət idi. Bu, hər kəs üçün inanılmaz bir məqam idi. Mən yenicə gəlmişdim və hər şey əla oldu”, deyə Messi bildirib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində 23 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 37 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: