Argentinalı ulduz hücumçu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”də özünün sevimli “10” nömrəsi altında çıxış edəcək.
Arena.az bu barədə “Clarin”ə istinadən xəbər verir.
Messi “Barselona”da məhz “onluq” altında karyerasının ən parlaq dönəmini yaşayıb. Ancaq PSJ-də “10” nömrə braziliyalı ulduz Neymarın ixtiyarında olduğundan Messi “30” nömrəsi altında oynayırdı.
Vurğulayaq ki, Messinin yeni komandasında “10” nömrə heç kimin əlindən alınmayıb. “İnter Mayami” də “onluğu” qabaqcadan Messi üçün ayırmayıb, sadəcə “onluq” heç kim tərəfindən istifadə edilməyib – azad olub.
Xatırladaq ki, dünən, iyunun 7-də Messi karyerasını “İnter Mayami”də davam etdirəcəyini açıqlayıb. Klub da sosial şəbəkə hesabında bu transferin anonsunu verib. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələ açıqlanmayıb.
Maraq üçün bildirək ki, Lionel Messi geridə qalmış mövsümdə PSJ-nin heyətində 41 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib. O, komandası ilə Fransa çempionluğunu qazanıb.