“İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi MLS mövsümü başa çatdıqdan sonra heç bir kluba icarəyə verilməyəcək.
Arena.az bu barədə jurnalist Gilyem Balageyə istinadən məlumat verir:
“Messinin digər oyunçular kimi təxminən bir ay məzuniyyəti olacaq. Odur ki, Səudiyyə Ərəbistanını və başqa şeyləri unudun. “İnter Mayami”nin mövsümdə son oyunu oktyabrın 21-də baş tutacaq. Noyabrda Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsində, o cümlədən Braziliya yığması ilə oyunları olacaq. Və təxminən bir aylıq istirahətdən sonra (və bu müddət ərzində yoldaşlıq görüşlərini istisna etmək olmaz) mövsümöncəsi məşq vaxtı yetişəcək”, – Balage sosial şəbəkələrdə yazıb.
Vurğulayaq ki, daha əvvəl Messinin Səudiyyə Ərəbistanı çempionatı klublarından birində peyda olacağı haqda məlumat sızmış və gündəmə çevrilmişdi.
Xatırladaq ki, Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Messi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 13 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb. Son vaxtlar yüngül zədədən əziyyət çəkən Messi ötən həftə nəhayət yaşıl meydanlara qayıtsa da, komandasının həlledici oyunda uğursuzluq yaşayıb. Belə ki, MLS müntəzəm çempionatı çərçivəsində “Sinsinnati”ni qəbul etmiş “İnter Mayami” argentinalı superulduzun cəhdlərinə rəğmən, rəqibə minimal hesabla məğlub olaraq (0:1) pley-off imkanlarını itirib.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.