Lionel Messi “İnter Mayami”yə növbəti qələbəsini qazandırdı

Futbol üzrə Argentina millisinin ulduz hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, ABŞ komandası MLS-in müntəzəm mövsümü çərçivəsində “Neşvill” ilə qarşılaşıb.

Fort-Loderdeyl şəhərində keçirilmiş oyun “İnter Mayami”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Messi “vağlar”ın qələbəsinə vacib töhfəsi ilə diqqət çəkib. Argentinalı ulduz həm dubl edib, həm də məhsuldar ötürmə verib.

Oyunun 2-ci dəqiqəsində “Neşvill” hesabda önə keçib – “İnter Mayami”nin müdafiəçisi Franko Neqri topu öz qapısına göndərib. 11-ci dəqiqədə Messi hesabı bərabərləşdirib. Məhsuldar ötürmənin müəllifi isə uruqvaylı mərkəz hücumçusu Luis Suares olub. 39-cu dəqiqədə Serxio Buskets Messinin ötürməsindən sonra dəqiq zərbə ilə “vağlar”ı hesabda önə keçirib. 81-ci dəqiqədə isə “Leo” penaltidən yekun nəticəni müəyyənləşdirib – 3:1.

Vurğulayaq ki, Buskets “İnter Mayami”nin heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

10 oyundan 18 xal toplamış “İnter Mayami” MLS-in yarış cədvəlində 18 xalla nominal lider olaraq qərarlaşıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə verib. Messi mövsümün əvvəlindən başladığı qol silsiləsini 9 oyuna çatdırıb. “Leo” yeni mövsümdə indiyə qədər iştirak etdiyi hər oyunda qol vurmağı bacarıb. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 23 oyun, 20 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.