Lionel Messi Kanadada 90 dəqiqə oynadı, seriyası qırıldı – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-də müntəzəm mövsümün növbəti oyunu çərçivəsində “Monreal İmpekt” ilə üz-üzə gəlib.

Kanadanın Monreal şəhərinin “Saputo” stadionunda baş tutan oyunda “İnter Mayami” meydan sahibi üzərində 3:2 hesablı səfər qələbəsi qazanıb.

“İnter Mayami”nin argentinalı ulduzu bu oyunda meydanda 90 dəqiqə mübarizə aparsa da, səmərəli fəaliyyəti ilə diqqət çəkməyib.
Beləcə, “Leo”nun “vağlar”ın heyətində ardıcıl 11 oyundan ibarət məhsuldarlıq silsiləsi qırılıb.

Oyun zamanı kapitan Messi MLS-dəki yenilikdən narazı qalıb. Oyun məqamlarının birində “Leo” yüngül zədə alaraq, həkimə müraciət etmək məcburiyyətində qalıb. Bundan sonra argentinalı futbolçuya bir müddət meydana qayıtmağa icazə verilməyib. Məsələ burasındadır ki, liqanın yeni qaydalarına görə, futbolçu həkimə müraciət edirsə, meydanı tərk etməli və ən azı iki dəqiqə oyundan kənarda qalmalıdır. Bu müddətdə təəccüblə kənarda dayanıb oyunu seyr edən Messi üzünü kameralara üz tutub və narazılığını ifadə edib:

“Bu qaydalarla işlər pis olacaq”, deyə karıxmış Messi bildirib.

“İnter Mayami” 13 oyundan 27 xalla MLS-in yarış cədvəlinin zirvəsində şərti liderliyini sürdürür.

Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.

Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 26 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.