“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi uşaqlıqda “Barselona”ya keçməsi ilə bağlı xatirəsini paylaşıb.
Arena.az məlumat verir ki, “Big Time” podkastında müsahibəsi zamanı argentinalı ulduz futbolçu kimi yetişib məşhurlaşdığı “Barselona”ya minnətdarlığını ifadə edib:
“Barselonaya ilk dəfə gələndə mənim üçün çətin idi. Mən uşaq idim və yeni dostlara, yeni ölkəyə, yeni şəhərə, yeni insanlara, yeni məktəbə uyğunlaşmalı idim. Əvvəlcə mənim üçün çox çətin idi, amma mən istədiyimi etdiyimi, “Barselona” kimi böyük komandada futbol oynadığımı düşünürdüm və bu, mənə tərəqqi imkanı verdi, bundan çox zövq aldım. “Barselona” həmişə mənimlə çox yaxşı davranıb, onlara minnətdaram”, deyə “Leo” vurğulayıb.
Messi 2004-cü ildən əsas komandasında çıxış etdiyi “Barselona” ilə bütün ali klub qənimətlərini dəfələrlə qazanıb və rekordlar müəyyənləşdirib. “Leo” “blauqrana”nın düşərgəsini 2021-ci ildə azad agent qismində tərk edərək Fransa nəhəngi PSJ-yə qoşulub.
2023-cü ilin yayında isə “Leo” PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Messi hazırda yüngül zədədən əziyyət çəkir və bərpa ilə məşğuldur.