Lionel Messi milli komandaların ən sərrast ikinci qolçusu oldu

Boliviya yığmasına qarşı ev oyunu Argentina yığmasının ulduz hücumçusu və kapitanı Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin 10-cu turunun ev oyununda Argentina yığması Boliviya komandası üzərində 6:0 hesablı qələbə qazanıb.

Messi bu oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə “albiseleste”nin qələbəsinə öz töhfəsini verib.

Beləliklə Messi Argentina yığmasının heyətində vurduğu 112 qolla milli komandaların ən sərrast qolçuları siyahısında İran yığmasının keçmiş hücumçusu Əli Daenin 109 qolluq göstəricisini geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. İndi “Leo” bu göstəricidə yalnız Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldodan geri qalır. Portuqal ulduzun hesabında 133 qol var.

Messi həm də dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində üç het-trik edən ilk futbolçu olub. 37 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Boliviyaya qarşı iki dəfə, Ekvadorla oyunda isə bir dəfə het-trik müəllifi olub.

Həmçinin Lionel Messi dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin oyunlarında bir oyun 5 səmərəli fəaliyyətə imza atmış ilk oyunçu ünvanına da sahib olub – 3 qol və 2 məhsuldar ötürmə. Bu oyunda “Leo” Uruqvay yığmasının keçmiş hücumçusu Luis Suaresin nailiyyətini geridə qoyub. 2011-ci ildə Suares Çili yığmasının qapısınıa 4 qol vurmuşdu.

10 turdan 22 xal toplamış Argentina yığması yarış cədvəlinə başçılıq edir. Boliviya yığması isə 12 xalla 7-ci pillədədir.

Oyundan sonra Messi duyğularını paylaşıb:

“İnsanların adımı necə hayqırmasından məmnunam. Biz burada olmağı və Argentinada oynamağı sevirik. Məni ruhlandıran – zövqdür. Mən xoşbəxtəm. Yaşıma rəğmən, burada olanda, azarkşelər özümü yaxşı hiss etdiyimi və kömək edə biləcəyimi görəndə, uşaq kimi sevinirəm… Biz bundan həzz almağa davam edəcəyik”, – “Marca” nəşri Messidən sitat gətirir.

“Bunlar mənim son oyunlarım da ola bilər”

Həmçinin Messi yığma komandanın heyətində son oyunları keçirdiyini də istisna etməyib:

“Milli komanda üçün heç bir müddət təyin etməmişəm. Mən sadəcə olaraq həzz almaq və insanların məhəbbətini hiss etmək istəyirəm, çünki bilirəm ki, bunlar mənim son oyunlarım da ola bilər. Mən ili yaxşı başa vurub addım-addım getmək istəyirəm”, – “Marca” nəşri Messidən sitat gətirir.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.