Futbol üzrə Kurasao yığması ilə yoxlama oyunu Argentina milli komandasının hücumçusu Lionel Messi üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 35 yaşlı forvard Argentina yığmasının 7:0 hesablı qələbəyə sevindiyi bu matçda het-trikə imza atıb.
Onun bu matçda vurduğu ilk qol isə təcrübəli oyunçu üçün yubiley xarakteri daşıyıb. Belə ki, 20-ci dəqiqədə rəqib qapısına yol tapan Messi Argentina milli komandasının heyətində vurduğu 100-cü qoluna sevinib.
Sonuncu dünya çempionlarının kapitanı Karib hövzəsi yığması ilə görüşün qalan hissəsində daha iki qol vurub. O, 33 və 37-ci dəqiqələrdə millidəki 101 və 102-ci qollarını da rəsmiləşdirib.
Messi hazırda milli komandaların heyətində ən çox qol vurmuş futbolçuların siyahısında 3-cü pillədə qərarlaşıb. O, Argentina yığmasında 102 qolu 174 matçda vurub. İran millisinin əslən azərbaycanlı keçmiş hücumçusu Əli Daei 109 qolla (148 oyun) ikincidir. İlk pillədə isə Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldo qərarlaşıb. O, 198 matçda vurduğu 122 qolla dünya rekordçusudur.
Xatırladaq ki, Messi ötən həftə Panama ilə yoxlama matçında da fərqlənmişdi. Nəticədə o, hücumçu karyerası ərzində vurduğu qolların sayını 800-ə çatdırmışdı. Ulduz futbolçu Kurasao ilə oyundakı het-trik sayəsində karyerası ərzində vurduğu qolların sayını da 803-ə çatdırıb.
İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel Messi 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. 2021-ci ilin yayından Fransa nəhəngi PSJ-də forma geyinən təcrübəli oyunçu Paris təmsilçisində də 66 matçda 29 qol və 32 məhsuldar ötürmə müəllifi olub.


