Lionel Messi – MLS-də forması ən çox satılan futbolçu

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 2024-cü ildə MLS-də forması ən çox satılan futbolçudur.

Arena.az xəbər verir ki, MLS-in mətbuat xidməti 2024-cü ildə futbol geyim dəsti ən çox satılmış liqa oyunçularının siyahısını dərc edib.

Siyahının zirvəsində “İnter Mayami”nin argentinalı ulduzu Messi yer alıb.

“Leo”nun komanda yoldaşı, uruqvaylı ulduz hücumçu Luis Suares 2-ci pillədə qərarlaşıb.

İlk üçlüyü isə “Sinsinnati”nin kapitanı, argentinalı hücumameylli yarımmüdafiəçi Lusiano Akosta qapayır.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz MLS təmsilçisinə PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 181 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

MLS-də formaları ən çox satılan 10 futbolçu:

  1. Lionel Messi – “İnter Mayami”
  2. Luis Suares – “İnter Mayami”
  3. Lusiano Akosta – “Sinsinnati”
  4. Kuço Ernandes – “Kolambus Kryu”
  5. Riki Puç – “Los Anceles Qalaksi”
  6. Pedro de la Veqa – “Sietl Saunders”
  7. Cordan Morris – “Sietl Saunders”
  8. Hani Muxtar – “Neşvill”
  9. Georgios Yakumakis – “Atlanta Yunayted”
  10. Emil Forsberq – “Nyu York Red Bulls”