“İnter Mayami”nin argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi MSL-də 2024-cü ilin ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə MLS-in rəsmi saytına istinadən məlumat verir.
Bu mükafat futbolçular, klubların texniki heyəti və mətbuat nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən təqdim edilir. Səsvermənin nəticələrinə görə, “Leo” 38,43% səs toplayıb. “Kolambus”un kolumbiyalı hücumçusu Xuan “Kuço” Ernandes isə 33,7% səslə ikinci yeri tutub.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”nin heyətində çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.
