Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurdu

MLS müntəzəm çempionatının 3-cü turunda “Orlando Siti” ilə oyun (5:0) “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Leo” bu oyunda dubla imza atmaqla çıxış etdiyi milli birinciliklər çərçivəsində vurduğu qolların sayını 500-ə çatdırıb.

Messi İspaniya La Liqasında “Barselona”nın heyətində 474 qol, Fransa Liqa 1-də PSJ ilə 22 qol, MLS-də isə “İnter Mayami” ilə 4 qol vurub.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin MLS təmsilçisi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə “Leo” “İnter Mayami”nin heyətində bütün yarışlarda 3 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə müəllifi olub. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.