“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi özünün sağlamlıq vəziyyəti haqda fikirlərini paylaşıb.
Arena.az məlumat verir ki, sabah, fevralın 7-də “İnter Mayami” Yaponiyanın “Vissel Kobe” komandası ilə yoldalıq oyunu keçirəcək.
Messi məhz bu ərəfədə səhhəti haqda danışıb: “Düzünü desəm, bir neçə gün əvvəllə müqayisədə özümü çox yaxşı hiss edirəm. Məşqin isə necə keçəcəyindən asılı olaraq, qərar verəcəyəm. Oyunda iştirak edib-etməyəcəyimi hələ bilmirəm, amma bunu çox istəyirəm.
“Honkonq”la oyunda oynaya bilmədiyim üçün çox bəxtim gətirmədi, onda mən rahatsızlıq hiss etdim və bu, mənim üçün çox çətin idi. Təəssüf ki, futbolda istənilən oyunda zədə ala bilərsiniz. Bu, üzücüdür, çünki mən həmişə oynamaq istəyirəm, xüsusən də uzaqda oynamağa getdiyimiz oyunlara gəldikdə, insanlar isə bizim oyunumuzu görməkdən çox xoşbəxtdirlər”, – “Mundo Deportivo” Messidən sitat gətirir.
Xatırladaq ki, fevralın 4-də “İnter Mayami” Messinin zədə səbəbindən iştirak edə bilmədiyi, yerli birinciliyin ulduzlarından ibarət “Honkonq XI” komandası ilə (4:1) yoldaşlıq oyunu keçirib. Oyunun son dəqiqələrində azarkeşlər “Leo”nu meydana çıxmamasından narazılıqlarını bildirərək argentinalı ulduzu fitə basıblar.
Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində Mayami təmsilçisinə keçib. Argentinalı futbolçunun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


