Lionel Messi PSJ-yə minnətdarlığını bildirdi

Fransa çempionu PSJ-nin argentinalı ulduz hücumçusu Lionel Messi Liqa 1 klubundan ayrılmasına münasibət bildirib.

Arena.az PSJ-nin rəsmi saytına istinadən xəbər verir ki, o, qısa və səmimi mövqeyi ilə diqqət çəkib:

“Bu iki il üçün kluba, Parisə və onun xalqına təşəkkür etmək istərdim. Sizə gələcəkdə uğurlar arzulayıram”.

Daha əvvəl PSJ cari mövsümün sonunda Messi ilə yollarının ayrılacağını rəsmən açıqlamışdı.

Xatırladaq ki, Lionel Messi 2021-ci ildə azad agent kimi PSJ-yə keçmişdi. Təcrübəli oyunçu Paris təmsilçisində 75 matça çıxıb, 32 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, Fransa nəhəngi ilə 2 dəfə ölkə çempionu olub, bir dəfə super kubok qazanıb.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. Messi doğma klubu ilə çoxsaylı titullara və rekordlara imza atıb.

Messi Argentina milli komandasında da 174 oyuna 102 qol vurub.

Xatırladaq ki, Messinin hazırda yenidən “Barselona”ya qayıtması variantı var. Amma maliyyə imkanları əvvəlki kimi olmayan Kataloniya təmsilçisi ilə müqayisədə, bu futbolçuya daha sərfəli təkliflər irəli sürən klublar var. Argentinalı ulduzun seçiminin necə olacağı maraqla gözlənilir. Futbolçunun özünün ona doğma olan “Barselona”ya qayıtmaq istədiyi bildirilsə də, İspaniya nəhəngi hələlik qəti addımlar atmaqda tələsmir.