Lionel Messi rəsmən ABŞ klubunda!

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi bundan sonrakı karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcək.

Arena.az xəbər verir ki, 35 yaşlı hücumçu MLS təmsilçisi “İnter Mayami”dən gələn təklifi qəbul edib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu özü də mətbuata açıqlamasında karyerasını “İnter Mayami”də davam etdirəcəyini təsdiqləyib. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələ açıqlanmır.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin avqust ayından Fransanın PSJ klubunda forma geyinirdi. Təcrübəli oyunçu Paris təmsilçisində 75 matçda 32 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, Fransa nəhəngi ilə 2 dəfə ölkə çempionu olub, bir dəfə super kubok qazanıb.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. Messi doğma klubu ilə çoxsaylı titullara və rekordlara imza atıb. O, Argentina milli komandasında da 174 oyuna 102 qol vurub.

Messinin yenidən “Barselona”ya qayıtması variantı da var idi. Eyni zamanda ona sərfəli təkliflər irəli sürən başqa klublar da vardı. Xüsusilə də Səudiyyə Ərəbistanı klublarından ona çox böyük məbləğlərlə müqavilələr təklif olunmuşdu. Bu üzdən də argentinalı ulduzun seçiminin necə olacağı maraqla gözlənilirdi. Göründüyü kimi, o, sonda Amerikaya üz tutmağa üstünlük verib.

Sonda onu da xatırladaq ki, “İnter Mayami”nin sahibi İngiltərə milli komandasının sabiq ulduzu Devid Bekhemdir. Komandanın baş məşqçisi Fil Nevil olsa da, o, bir müddət əvvəl istefaya göndərilib.