Lionel Messi Ronaldonu geridə qoydu, Alvesə çatdı

Argentina milli komandasının hücumçusu Lionel Messi ötən gün Fransanın PSJ klubunun heyətinə növbəti çempionluq sevincini yaşadı.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu Paris təmsilçisi ilə Liqa 1-in qalibi olmaqla ən çox kubok qazanma rekordunu təkrarlayıb.

Belə ki, argentinalı hücumçu karyerası ərzində qazandığı titulların sayını 43-ə çatdırıb. Bununla da o, sabiq komanda yoldaşı Dani Alvesin rekordunu təkrarlayıb.

2021-ci ilin yayından PSJ-də çıxış edən Messinin aktivində bu komanda ilə 2 Fransa çempionluğu və Super Kuboku var. O, “Barselona”nın heyətində 10 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, 8 dəfə İspaniya Super Kubokunun, 7 dəfə İspaniya Kubokunun, 3 dəfə Klublararası Dünya Çempionatının və bir o qədər də Avropa Super Kubokunun qalibi olub.

Messi Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika Kubokunu, Yay Olimpiya Oyunlarını, “Finalissima”nı və gənclər arasında dünya çempionluğunu qazanıb.

Xatırladaq ki, hazırda həbsdə olan 40 yaşlı Dani Alvesin sonuncu iş yeri Meksikanın “Pumas” klubu olub. O, əvvəllər Braziliyanın “Bahia”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İspaniyanın “Sevilya” və “Barselona” klublarında çıxış edib. Müdafiəçi ötən günə kimi 43 kubokla tarixin ən titullu futbolçusu hesab olunurdu.

PSJ-nin Liqa 1-in 37-ci turda “Strasburq”la çempionluğu rəsmiləşdirdiyi oyun Lionel üçün daha bir rekordla əlamətdar olub. Belə ki, o, Avropanın “Top-5” liqalarında qolların sayına görə portuqaliyalı hücumçu Kristiano Ronaldonu qabaqlayıb. 1:1 hesabıyla yekunlaşan matçda komandasının yeganə qoluna imza atan Messi, bununla da Avropanın “böyük beşlik” çempionatlarında 496-cı qolunu vurub. O, bu göstəriciyə görə aktivində 495 qolu olan Kristiano Ronaldonu geridə qoyub.

Lionel Messi – 577 oyun, 496 qol (+222 məhsuldar ötürmə);
Kristiano Ronaldo – 626 oyun, 495 qol (140 məhsuldar ötürmə).