Argentinalı hücumçu Lionel Messi Liqa 1-in 38-ci turu çərçivəsində baş tutan “Klermon”la oyunda sonuncu dəfə PSJ forması geyinib.
Arena.az xəbər verir ki, o, doğma meydanda baş tutan bu matç zamanı “Park de Prens”ə toplaşmış parisli azarkeşlər tərəfindən fitə basılıb.
Həmin ərəfədə Messinin Parisi tərk etmək qərarına gəldiyi rəsmən məlum olub. Görünür bu qərar PSJ azarkeşlərini sevindirməyib. Kristof Qaltyenin start heyətini elan edərkən stadion diktorunun Messinin adını çəkməsi ilə “Park de Prens” tribunaları qulaqbatırıcı fitlə argentinalı ulduzu fitə basıblar.
Messi oyununu gedişi zamanı da oxşar vəziyyətlə üzləşib. Top hər dəfə ona gələndə azarkeşlərin təzyiqi ilə üz-üzə qalıb. Buna baxmayaraq, ulduz forvard sonadək meydanda qalıb.
Xatırladaq ki, bu, ilk belə hal deyil. Lionel Messi klub azarkeşləri tərəfindən mütəmadi olaraq tənqid olunur. Parislilər onun potensialı müqabilində imkanlarını tam yerinə yetirmədiyini iddia edirlər. PSJ azarkeşləri, Messi ilə yanaşı, Neymar, Marko Verratti kimi aparıcı futbolçularına qarşı da oxşar təzyiqlər göstərirdilər.
Yeri gəlmişkən, Messi kimi, PSJ-dən ayrılacağı rəsmən açıqlanmış Serxio Ramos da Paris təmsilçisində sonuncu matçına çıxıb. O da sonuncu matçında 90 dəqiqə meydanda olub, hətta qol da vurub. Belə ki, matçda hesabı 16-cı dəqiqədə fərqlənən ispan müdafiəçi açıb. Amma yekunda PSJ 2:3 hesablı məğlubiyyətə üzülüb. Baxmayaraq ki, bu, komandanın mövsümü çempion kimi başa vurmasına əngəl törətməyib.